AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNVERSİTETİ
BİOLOGİYA KAFEDRASI
BOTANİKA (MODUL II) FƏNNİNDƏN
LABORATORİYA İŞİ №11
ÜZÜM VƏ KƏRƏVÜZ FƏSILƏSI
Ass. N. İ. İsayeva
GƏNCƏ – 2022
Üzümkimilər (Vitaceae) fəsiləsi
Üzümkimilər fəsiləsinin nümayəndələri həyati formalarına görə əsasən lian və ya sarmaşan, tək-tək hallarda isə kol və ağaclardır. Yarpaqları növbəli düzülmüş, ayası sadə və ya mürəkkəb, yarpaq altlıqsızdır. Çox vaxt yarpaqla qarşı-qarşıya düzülmüş bığcıqları olur.
Çiçəkləri xırda, ikicinsli və ya bircinslidir, adətən, yaşımtıl mürəkkəb çiçək qrupuna malikdir. Çiçəkyanlığı 5 ədəd olub, bəzən 4 üzvlüdür. Kasacığı xırda, ləçəkləri çox vaxt yuxarıdan bitişik formada olub, birlikdə töküləndir. Erkəkcik(4)5 ədəddir və ləçəklərlə qarşı-qarşıya yerləşir. Dişicik sinkarpdır, iki meyvə yarpağından əmələ gəlib. Yumurtalıq üst vəziyyətdədir. Meyvəsi giləmeyvədir. Toxumları endospermlidir, bərk qabıqlıdır. Üzüm dırmanan ağacdır, onun gövdəsinin uzunluğu 5-10m çatır.
Yer kürəsində 10-dan çox cinsinə və 70 növünə rast gəlinir ki, onlar da əsasən tropiklərdə və subtropiklərdə yayılmışdır. Fəsilənin üzüm (Vitis) cinsinin mədəni üzüm (Vitis vinifera) növünə Azərbaycanda, Qafqazda və hətta, Orta Avropada rast gəlmək olar.
Üzüm insanlar tərəfindən ən qədin vaxtlardan istifadə olunan əsas bitkilərdən sayılır. Üzümün giləmeyvələrindən xüsusi texnologiya vasitəsilə qıcqırma nəticəsində ağ, qırmızı şərab və şampan şərabı istehsal olunur.
Kərəvüzkimilər (Çətirçiçəkkimilər) (Apiaceae və ya Umbelliferae) fəsiləsi
Bu fəsilənin nümayəndələri çoxillik, ikiillik və birillik ot bitkiləri, az hallarda yarımkol, kol və kiçikboylu ağaclardır. Gövdələrinin içi adətən boş, çox vaxt yaxşı inkişaf etmişdir.
Yarpaqları bir qayda olaraq növbəli düzülür, yarpaq altlıqları olmur. Yarpaq ayası sadə, bəzən çoxbölümlüdür. Üçlələkli və dördlələkli, bəzən isə bütöv, kənarı çıxıntısız olur.
Çiçəkləri çox kiçik olub, çox zaman mürəkkəb, bəzən sadə çətirə toplanır. Çiçəkləri bircinsli, birevli, tək-tək hallarda isə ikievli bitkidir. Çiçəkləri aktinimorfdur, kənar tərəfdə yerləşən ləçəklərin böyüməsinin hesabına çətirlərdə bəzən ziqomorfluq əlaməti olur.
Yumurtalığın yuxarı hissəsində yaxşı inkişaf etmiş 5 ədəd dişicikli kasacıq olur və ya inkişaf etmir. Ləçəkləri adətən 5 ədəd, nazik dırnaqcıqlı olub, yuxarı tərəfdən içəri qatlanmışdır. Çiçəkləri tamamilə proterandrikdir (yəni erkəkcicklər dişiciklərdən tez inkişaf edir). Nazik, sapabənzər, 5(4) erkəkcik ləçəklərlə növbələşir. Dişiciyi adətən sinkarp olur, iki meyvə yarpağından əmələ gəlir. Yumurtalığı alt vəziyyətdədir.
Çiçəyin formulu: * ♀♂K5Co5A5G-(2). Meyvəsi saplaqlı olub, iki ədəd quru, tökülən merikarp olur, yəni ikiyə bölünmüş toxumça (tərkibində bir və ya bir neçə toxum olan bağlı və ya açılan hissələrdən ibarətdir). Toxum qabığı çox nazik olur, toxumlar endospermlidir, rüşeym isə kiçik olur.
Azərbaycan florasında 76 cinsdə toplanmış 187 növü düzənlikdən başlamış yuxarı dağ qurşağına qədər yayılmışdır.
Kərəvüzkimilərin əksər nümayəndələri tərkibində olan efir yağlarına görə yüksək qiymətləndirilir.
Adi kişniş (Coriandrum sativum) birillik ot bitkisidir. Saplağı dik duran, uzunluğu 40-70sm, yuxarı hissəsində budaqlanır. Çiçəkləri ağ və ya cəhrayı, mürəkkb çətir çiçək qrupuna birləşdirilib. Iyun-iyulda çiçəklənir, meyvəsi iyulda əmələ gəlir. Tərkibində efir yağlar, askorbin turşusu, aşı maddələri, orqanik turşular aşkar olunub.
Kişniş ədviyat kimi istifadə olunur, meyvələri mədə-bağırsaq xəstəliklərində antiseptik və ağrıkəsici vasitə kimi istifadə olunur.
Cirə (Anis) (Pimpinella anisum)birillik ot bitkisidir. Anis efir yağı ağ ciyər xəstəliklərində bəlğəmgətirici vasitə kimi istifadə olunur. Spirtdə və ya başqa həlledicilərdə (1:100) yağın məhlulu maşalar, bitlər və birələri öldürür. Efir yağı kulinariyada geniş istifadə edilir. Anis yağları sabun bişirməkdə, parfumeriyada istifadə olunur.
Zirə (Carum carvi)Zirə meyvəsinin tərkibində dərman əhəmiyyətli bir sıra maddələr vardır. Bunlardan başlıcasına efir yağıdır. Meyvələrində efir yağının miqdarı 3 – 6 %-ə qədər olur. Zirənin efir yağı son dərəcə xoş ətirli iyə malikdir. Zirə meyvələrindən təbabətdə dəmləmə, poroşok, ətirli su və efir yağı hazırlanır və onlardan xroniki mədə – bağırsaq xəstəliyində mədənin həzmolma prosesini yaxşılaşdıran, köpolmanın qarşısını alan, eləcə də bağırsaqlarda əmələ gələn iltihabı aradan qaldıran dərman kimi istifadə edilir. Ümumiyyətlə xroniki mədə – bağırsaq xəstəliklərinin müalicəsində zirə faydalı dərman hesab olunur. Zirə meyvələri xalq təbabətində də geniş istifadə edilir.
Zirə meyvəsinin çayından böyrək xəstəliklərində sidikqovucu vasitə kimi də işlədilir. Bundan əlavə meyvələrindən alınan efir yağından bir çox yeyinti məmulatlarının tərkibində ətirli ədviyyat kimi də işlədilir. Bitki iyun – iyul aylarında çiçəkləyir, meyvələri avqustda yetişir. Azərbaycanda yabanı halda Böyük Qafqazın şərq və qərb zonalarında Quba – Qusar rayonlarında və Kiçik Qafqaz ın mərkəzində Naxçıvan , Lənkəran yayılmışdır.
Kərəvüzkimilər fəsiləsinin nümayəndələri qiymətli tərəvəz bitkiləri kimi tanınır: kök (Daucus carota), cəfəri (Petroselinum crispum), kərəviz (Apium graveolens), şüyüd (Anethum graveolens), razyana (Foeniculum vulgare), Pasternak (Pastinaca sativa) və başqaları. Onların əksəriyyəit ədviyyat kimi istifadə olunur.
Kök (Daucus carota)ikiillik bitkidir. Birinci il yarpaqları və kökmeyvəsini əmələ gətirir, ikinci ildə isə kolu və toxumları əmələ gəlir.
Cəfəri (Petroselinum crispum)ikiillik bitki dir. Cəfəri kök və yarpaq növlərinə ayrılır. Yarpaq cəfəri kök əmələ gətirmir. Onun iri yarpaqları xörəklərin hazırlanmasında istifadə olunur. Kök cəfərinin tərkibində 15% quru maddə, o cümlədən 10,7% karbohidrat, 1,5% zülal, 0,8% mineral maddə, 35 mq% C vitamini vardır.
Cəfərinin yarpağında quru maddənin miqdarı kökündə olduğu kimidir. Lakin zülal və sellüloza 2 dəfə çox, mineral maddələr isə 2 dəfə azdır. Cəfərinin yarpağında 190 mq% C vitamini, 10 mq% karotin, həmçinin B1 və B2 vitaminləri vardır. Cəfəri toxumunda 2,7%, kökündə 0,05%, yarpağında isə 0,3% efir yağı vardır. Azərbaycanda “məhsuldar” cəfəri sortu yetişdirilir.
Kərəviz (Apium graveolens)ikiillik və çoxillik tərəvəz bitkisidir. Qocalmanın qarşısını alır, həzm proseslərini yaxşıllaşdırır, ürək-damar sisteminə müsbət təsir göstərir, əsəbləri sakitləşdirir, böyrək, revmatizm və podaqra xəstəliklərində istifadə olunur.
Şüyüd (Anethum graveolens)birillik ot bitkisidir. Dərman xammalı kimi şüyüdün meyvəsi istifadə olunur. Göyərtidən və şüyüdün toxumlarından müxtəlif cövhərlər ətriyyat-kosmetik kompozisiyaların hazırlanması üçün geniş istifadə edilir. Şüyüd toxumlarının efir yağı, spirtli, yağ və karbon oksid cövhərləri kremlərə, odekolonlara, diş pastasına daxil edirlər.
Razyana (Foeniculum vulgare)Razyana meyvəsindən elmi təbabətdə soyuqdəymədən baş verən xəstəliklərdə, xüsusən tənəffüs yollarının iltihabında yumşaldıcı və bəlğəmgətirici öskürək dərmanı kimi, eləcə də mədə-bağırsaq xəstəliyində həzm prosesini yaxşılaşdıran və köpmənin qarşısını alan vasitə kimi geniş istifadə olunur. Razyana meyvəsi dəmləmə və bişirmə şəklində öd kisəsinin iltihabında və böyrək xəstəliklərində də qəbul edilir.
Razyana meyvələri bütöv halda yeyinti sənayesində və tibdə istifadə olunur. Razyana toxumlarının tərkibində 4-6 % efir yağı vardır. Ona görə də razyana efir yağı almaq üçün də becərilir. Efir yağının ən qiymətli tərkib hissəsi anetol adlanan ətirli maddədir. Efir yağı və onun tərkibində olan anetol yeyinti, ətriyyat – kosmetika və əczaçılıq sənayesində işlədilir. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvəsini sentyabr ayında yetişənə az qalmış toplayıb açıq havada bir müddət qurudur, xüsusi maşında başqa qarışıqlardan təmizləyib ayırır, aptek anbarına təhvil verirlər. Meyvəsinin tərkibində efir yağından başqa 16-18 % piyli yağ və 27 % zülal maddəsi vardır.
Xımı (Pasternak) (Pastinaca sativa)çoxillik ot bitkisidir. Tərkibində çoxlu vitaminlər, efir yağları var. Bitki cəfəri iyisinin verir, yerkökə oxşar şirin ədviyalı dadı var. Pasternak aşpazlıqda və şirniyyat istehsalında geniş tətbiq edilir. Onun kökləri pörtlədilmiş halda, həmçinin şorbalara ədviyyat kimi, ətə qarnir və ya tərəvəz salatlarına ədviyyat kimi istifadə edilir.
Bəzi növlər insan və mal-qara üçün də zəhərlidir. Onların içərisində xüsusən özünün üfürülmüş və şişman kameralara bölünmüş kökümsovları ilə xarakterik olan su-bataqlıq baldırğanı (Cicuta virosa)və ikiillik, moruğu ləkəli gövdəyə malik alaq bitkisi olan badyan (Conium macalatum)daha məhşurdur.
