AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNVERSİTETİ
BİOLOGİYA KAFEDRASI
BOTANİKA (MODUL II) FƏNNİNDƏN
LABORATORİYA İŞİ №8
QAYMAQÇIÇƏKLILƏR və GÜLÇİÇƏKLİLƏR FƏSILƏSI
Ass. N.İ. İsayeva
GƏNCƏ – 2022
Qaymaqçiçəklilər sırası (Ranunculales)
Qaymaqçiçəyikimilər fəsiləsi (Ranunculaceae)
Qaymaqçiçəyikimilər fəsiləsinin nümayəndələri həyati formalarına görə ot, nadir hallarda yarımkol, alçaq kol və ya lianlardır.
Yarpaqları yarpaq altlıqsız, növbəli düzülüşlü, tam və bölümlü olub, sadədir.
Çiçəklər müxtəlif çiçək qrupuna toplanmış, nadir hallarda tək-tək yerləşmiş, entomofil, ikicinsli, aktinomorf, nadir hallarda (mahmızçiçəyi (Delphinium) cinsinin nümayəndələrində) ziqomorfdur.
Çiçəkyanlığı müxtəlif, sadə və ya ikiqat, ləçəklər arasında aralıq mövqe tutan, staminodilər ( staminis – sap, tozluğu olmayan steril erkəkciklər) və nektarlıqlardan ibarətdir.
Erkəkciklər çox və ya qeyri-müəyyən sayda, nadir hallarda 3-2(1) ədəd olur.
Diçiciklər çox, sərbəst, nadir hallarda 5-3-1 ədəddir. Yumurtalıq üst vəziyyətdədir, biryuvalıdır.
Çiçəyin formulu: *Ca5Co 5-∞ A∞G∞,*P∞A∞G∞
Meyvə bir neçə (1-ə qədər) yapaqcıqlı çalovmeyvə və ya fındıqçadır. Toxumlar endospermli və kiçik rüşeymlidir.
Azərbaycan florasında 21cinsi və 100-ə qədər növü yayılmışdır.
Əsas nümayəndələri: Uzunyarpaq qaymaqçiçəyi (Ranunculus lingua L.), Çöl qaymaqçiçəyi (Ranunculus arvensis L.), Sürünən qaymaqçiçəyi (Ranunculus repens L.), Qara helleborus (Helleborus niger L.), Yaz horuzgülü (Adonis vernalis L.), Əsməçiçəyi (Anemone), Mahmizçiçəyi (Delphinium).
Qaymaqçiçəyikimilərin 2 yarımfəsiləsi var. Onlar ginesey və meyvələrinin quruluşuna görə fərglənirlər.
1) Helleborus (Helleboroideae) yarımfəsiləsi. Bu yarımfəsilə üçün yumurtalıqda bir ədəd yumurtacığın, çiçəyin müntəzəm və ya qeyri-müntəzəm, nektarlığın geniş müxtəliflikdə, meyvənin çalovmeyvə, qutucuq, və ya giləmeyvə şəklində olması səciyyəvi əlamətlərdir. Bura Helleborus, qara çörəkotu (Nigella), üzgəcotu (Trollius), kəpənəkçiçək (Aconitum) və başqa cinsin növləri daxildir. Bunlarda ikiqat çiçəkyanlığının formalaşması staminodilərdən əmələ gəlmiş erkəkcik mənşəli ləçəklərin hesabınadır.
2) Həqiqi qaymaqçiçəyi (Ranunculoideae) yarımfəsiləsi. Bu yarımfəsilənin nümayəndələri yumurtalıqlarında bir ədəd yumurtacığın olması, meyvələrinin toxumca və ya fındıqca meyvə olub, ancaq bir ədəd toxum verməsi, adətən qabarıq çiçək yatağı üzərində yığılaraq hamaş meyvə əmələ gətirməsi kimi əlamətlərlə xarakterizə olunur. Bura qaymaqçiçəyi (Ranunculus), əsməçiçəyi (Anemone), xoruzgülü (Adonis) və başqa cinslər aiddir. Bunlarda ikiqat çiçəkyanlığı yuxarı vegetativ yarpaqlardan kasacığın əmələ gəlməsi sayəsində formalaşmışdır.
Fəsilənin bütün nümayəndələri alkoloidlərlə zəngindir, fəsilənin zəhərli nümayəndələri də var.
Gülçiçəklilər (Rosales)sırası
Gülçiçəyikimilər (Rosaceae) fəsiləsi
Həmişəyaşıl və ya yarpağını tökən ağac, kol, yarımkol, çoxillik və birillik ot bitkiləridir.
Yarpaqları sadə və ya mürəkkəb olub, növbəli və nadir hallarda qarşı-qarşıya düzülür.
Çiçəklər tək-tək və ya çiçək qrupuna toplanmış şəkildədir, aktinomorf, ikicinslidir.
Çiçəkyanlığı ikiqatdır, bəzən tac reduksiya olunmuşdur.
Kasa yarpağı və ləçəklər adətən 5, bəzi hallarda 3,4,6,8 və daha çoxdur.
Erkəkciklər ləçəklərdən 2-4 dəfə çoxdur.
Ginesey apokarp və ya sinkarp, meyvə yarpaqları çox və ya sabit sayda.
Əsasən entomofil bitkilərdir.
Meyvələri çalovmeyvə, çoxçəyirdəkli, fındıqça yığımı, nadir hallarda qutucuqdur.
Toxumlar endospermli və ya endospermsiz.
Azərbaycanda 35 cinsə aid 200-ə qədər növü yayılmışdır.
Bu fəsilə 4 yarımfəsiləyə ayrılırlar:
1. Topulqakimilər (Spiraeoideae)
2. İtburnukimilər (Rosoideae)
3. Almakimilər (Pomoideae)
4. Gavalıkimilər (Prunoideae)
