AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNVERSİTETİ
BİOLOGİYA KAFEDRASI
BOTANİKA (MODUL II) FƏNNİNDƏN
LABORATORİYA İŞİ №14
MÜRƏKKƏBÇİÇƏKLİLƏR FƏSILƏSI
Ass. N.İ. İsayeva
GƏNCƏ – 2022
Mürəkkəbçiçəklilər fəsiləsi
Bu fəsilənin nümayəndələri həyati formalarına görə ot, yarımkol, kol, bəzən lian, nadir hallarda isə ağaclardır. Növbəli, bəzən qarşı-qarşıya düzülmüş yarpaq altlıqsız, tamkənarlı və ya bölümlü yarpaqlara malikdirlər.
Çiçəkləri ikicinsli və ya ayrıcinsli, bəzən isə steril, akrinomorf və ziqomorf olur. Çiçəklər sarğı yarpaqları ilə əhatə olunmuş səbət çiçək qrupuna toplanmışdır. Bu, fəsilə üçün səciyəvi olan əlamətdir. Bunlarda kasacığın əvəzinə dişiciklərdən, tükcüklərdən, cod tükcüklərdən, pulcuqlardan və s.ibarət pappus olur. Tac bitişik yarpaqlı və müxtəlif formalı olur. Erkəkciklərin sayı 5 və onlar tacın borusuna bitişmişdir. Dişicik iki meyvə yarpağının bitişməsindən əmələ gəlmişdir. Yumurtalıq alt vəziyyətdədir. Meyvəsi toxumca meyvədir. Toxumları endospermsizdir.
Bu fəsilənin Azərbaycanda 117cinsdə təmsil olunmuş 650-ə qədər növünə rast gəlinir.
Insanlar təsərrüfat sahəsində mürəkkəbçiçəklilərdən müxtəlif məqsədlər üçün istifadə edirlər ki, bu cəhətdən də aşağıdakı istiqamətlər ayırd edilir:
1. Dekorativ bitkilər.
Payızgülü (Chrysanthemum). Bu bitki hələ eramızdan əvvəl becərilir. Payızgülü Yaponiyanın milli gülü hesab olunur, və onun əksini onların qerb və möhüründə görmək olar. Bu bitkinin səbətlərindən dalmat tozu hazırlanır ki, bu toz həşaratları zərərləşdirir.
Georgin (Dahlea).
2. Dərman əhəmiyyətli bitkilər.
Bataqlıq qurucası (Gnaphalium uliginosum).Bu bitkinin səbət çiçək qrupu çox görkəmsiz çiçəklərdən təşkil olunmuşdur. Bitki çollərdə, sahillərdə, quruyan bataqlıqlarda bitir. əsasən mədə yarası xəstəliyində istifadə olunur.
Mollabaşı (Matricaria recutita)
Dərman gülümbaharı (Calendula officinalis)
Dağlıq arnikası (Arnica montana).Bu bitkinin səbətindən və köklərindən hazırlanmış cövhər çox yaxşı homeopatik vasitədir.
Yovşan (Artemisia)cinsinin bir çox növləri dərman əhəmiyyətlidir. Növləri saponin maddəsi ilə zəngindir və qlistogen vasitə kimi istifadə olunur.
3. Tərəvəz və yağlı bitkilər.
Adi kahı (Lactuca sativa).Bu bitkinin kökətrafı rozet yarpaqları yeyilir.
Kompas südləmə (Lactuca serriola)
Tərxun (Artemisia dracunculus)tərəvəz kimi istifadə olunur.
Adi kasnı (Cichorium intybus)bəzi ölkələrdə kofeinin əvəzedici kimi və ya kofeyə əlavə edilərək istifadə edilir. Bitkiyə əsasən zibilli yerlərdə, yol kənarında təsadüf olunur.
Adi günəbaxan (Helianthus annuus)onun toxumlarından 30-50%-ə qədər yeyilən yağ alınır ki, bu da qida kimi və sənayedə istifadə olunur. Toxumlarından yağ çıxarıldıqdan sonra qalan hissəsindən qüvvətli yem olan jmıx alınır. Onun yerüstü kütləsindən silos hazırlanır.
