Paz. Oca 25th, 2026

RESEPT HAQQINDA ANLAYIŞ

Resept –Receptum həkimin yazılı şəkildə dərmanın hazırlanması haqqında aptekə müraciətidir. Burada həmçinin dərmanın tətbiq edilmə üsulları da göstərilir.

Resept rəsmi sənəd olub, xüsusi qaydalar üzrə latın dilində tərtib edilir. Resept səliqəli, təmiz və aydın yazılmaqla maddələrin adları və digər yazılar şübhə doğurmamalıdır. Resepti yazan həkim, onun əsasında dərman hazırlayan əczaçı və dərmanı tətbiq edən şəxs eyni dərəcədə məsuliyyət daşıyırlar. Reseptlərin bir çox yazılma variantları mövcuddur. Lakin bunları ümumiləşdirərək , nisbətən konkret yazılma sxemlərinə salmışlar. Reseptləri 6 tərkib hissəyə bölmək daha məqsədə uyğundur.

I HİSSƏ . İncriptio – başlıq və sərlövhə . Bu hissədə resepti verən müəssisənin , idarənin ştampı   (adı, ünvanı, telefonu və s. ) Xəstə haqqında məlumat (baytarlıqda heyvanın növü, yaşı, cinsi, kimə məxsus olması və s. ) reseptin yazılma tarixi və onu yazan həkimin adı, soyadı, atasının adı göstərilir.

II HİSSƏ. Praepositio seu invocatio . (Sərəncam hissəsi ). Bu hissədə Recipe! Recipite! Qəbul et, Qəbul edin! Feli ilə ifadə olunmuş həkimin əczaçıya göstərişi qeyd edilir. ( İxtisarla Rp.:)

III HİSSƏ. Designatio materiarum . (Maddi hissə ) Bu hissədə reseptin tərkibinə daxil edilən dərman maddələrinin siyahısı verilir. Hər bir maddə yeni sətirdən , böyük hərflə, latınca ismin yiyəlik halında yazılır. Maddənin adından sonra onun miqdarı göstərilir. (Ərəb rəqəmləri ilə qramla ).

Rp. : Streptocidi 0,5

Farmakoloji fəallığı təsir vahidləri ilə ölçülən maddələrin miqdarını təsir vahidlərində göstərirlər.

Az miqdarda götürülən həcmdə olan maddələrin miqdarını damcılarla götürmək olar.

Rp. : Tincturae Valerianae gtts V     ( Əgər  götürülmüş maddə 1 damcıdırsa Gutta sözü gtt kimi veriləcək, əgər iki damcı və daha çoxdursa gtts şəklində veriləcək)

Maddi hissədə bir və daha çox maddə iştirak edə bilir. Bir maddədən ibarət olan reseptə sadə, iki və daha çox maddədən ibarət olan reseptə isə

 mürəkkəb resept deyilir.

Receptum compositum – Mürəkkəb resept

Receptum simplex – sadə resept

            Mürəkkəb reseptdə maddi hissədən maddələrin adı müəyyən ardıcıllıqla yazılmalıdır. Bu ardıcıllıq həmin maddələrin özlərinin əhəmiyyətindən irəli gəlir. Birinci olaraq sırada əsas təsiredici əhəmiyyətə malik yəni əsas müalicəvi təsirinə ümid bəslənən maddənin adı yazılır.  Buna  1. REMEDİUM BASİS  – ƏSAS MADDƏ əsas dərman maddəsi deyilir.

Bəzən əsas maddə təklikdə istənilən müalicəvi səmərəni verməyə bilər. Belə olduqda reseptə köməkçi maddə daxil edilirƏsas maddənin təsirini gücləndirmək üçündür 2. REMEDİUM ADJUVANS – KÖMƏKÇİ MADDƏ

Əksər hallarda daxilə verilən dərmanların xoşagəlməz acı dadı, tamı olur ki, bu da dərmanın tətbiqini çətinləşdirir. Belə hallarda reseptə tamverici, dad yaxşılaşdırıcı maddəni daxil etmək məsləhət görülür.  3. REMEDİUM CORRİGENS – DADI DÜZƏLDƏN MADDƏ

Sonuncu olaraq maddi hissədə formaverici maddənin adı yazılır, yəni  bu maddənin hesabına dərmana müəyyən forma verilir. ( Məsələn, məhlul, məlhəm və s. ) 4. REMEDİUM CONSTİTUENS  – FORMAVERİCİ MADDƏ

Əgər maddi hissədə ardıcıllıqla gələn bir neçə maddənin miqdarı eynidirsə, bu zaman hər bir maddənin adından sonra onun miqdarını göstərməyə ehtiyac qalmır, bu miqdar yalnız sonuncu maddənin qarşısında yazılmaqla aa (ana bərabər ) işarəsindən istifadə edilir.

Rp. :  Coffeini – natrii benzoatis

           Natrii bromidi   aa 0,5

           D.t.d.N 5 in tabulettis

            S. 1 tabletdən gündə 2-3 dəfə

Bəzi dərman formalarını yazarkən formaverici maddənin miqdarı rəqəmlə deyil, q.s (quantum satis ) nə qədər lazım gələrsə  işarəsi ilə göstərilir. Məsələn, həblərin , bolyusların, şamların, sıyıqların resept yazılışı zamanı istifadə olunur.

Rp. :   Anaesthesini 0,05

           Dermatoli 0,5

           Extracti Belladonnae 0,015

           Butyri Cacao q.s

           M.f. suppositorium

           D.t.d.N 10 

           S. 1 şamdan gündə  2 dəfə

IV HİSSƏ SUBSCRİPTİO – ALT YAZI. (yazıaltı)  Yazıdan sonra gələn hissə. Bu hissədə hansı dərman formasının hazırlanacağı və onun aptekdən buraxılması haqqında göstərişlər yazılır. Bir qayda olaraq bu hissə götürülmüş maddələri qarışdırmaq tələbi ilə başlayır.

M.f ( Misce fiat)  Qarışdır əmələ gəlsin 

M.f. pulvis – qarışdır toz alınsın

M.f. suppositorium – qarışdır şam alınsın

M.f. unguentum – qarışdır məlhəm alınsın

            Daha sonra bu hissədə dərmanın aptekdən buraxılması haqqında göstəriş verilir.

 D. (Da. Detur, Dentur) – Ver, Verilsin, Verilsinlər

Dərman dozalara bölünmürsə bu zaman yalnız D işarəsi ilə kifayətlənirlər. Dərman dozalara bölünürsə , bu zaman dozaların sayı bu hissədə göstərilir.

  D.t.d.N (Dentur tales doses numero ) Ver , burax belə dozalardan N sayda

V HİSSƏ. SİGNATURA – (Göstəriş , qeyd )

Bu hissədə dərmanın hansı üsullarla tətbiq edilməsi haqqında aydın, ətraflı, göstərişlər verilir. Məsələn, daxilə, xaricə, əzələ içinə, vena daxili və s. Gündə neçə dəfə, hansı üsulla  və s. 

S. Signa , Signetur  – Göstərilsin, qeyd edilsin (Dərmanın tərbiqi ilə bağlı göstəriş hər xalqın öz dilində verilir.)

VI HİSSƏ. Nomen medici – Həkimin imzası . Bu hissədə həkim imza edir və imzasını möhürlə təsdiqləyir

Mürəkkəb reseptə misal

Rp.:  Natrii salicylatis 12,0                                (remedium basis)

        Coffeini – natrii benzoatis 2,0                    (remedium adjuvans)

        Sirupi Simplicis 20,0                                 (remedium corrigens)

         Aquae destillatae ad 150,0                         (remedium constituens)

         M.f. mixtura                                               (subscriptio)

        D.S. Daxilə bir xörək qaşığı ilə                   ( signatura )

                                                                             (nomen medici )

⚠️ Yasal Uyarı: Medkeşif.com'da yer alan bilgiler, yalnızca bilgilendirme amaçlıdır ve profesyonel tıbbi tavsiye yerine geçmez. İlaç kullanımı ve tedaviniz ile ilgili konularda mutlaka hekiminize veya eczacınıza danışınız.

Bir yanıt yazın