AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNVERSİTETİ
BİOLOGİYA KAFEDRASI
BOTANİKA (MODUL II) FƏNNİNDƏN
LABORATORİYA İŞİ №10
ƏMƏKÖMƏNCİ VƏ TƏRƏÇİÇƏKLİLƏR FƏSILƏSI
Ass. N.İ. İsayeva
GƏNCƏ – 2022
Əməkömənciçiçəklilər sırası (Malvales)
Əməköməcikimilər fəsiləsi (Malvaceae)
Bu fəsilənin nümayəndələri həyati formalarına görə ot, kol və ağaclardır.
Yarpaqları növbəli düzülüb, sadə yarpaqları bütöv ayalı olub, yarpaq altlığına malikdirlər.
Çiçəkləri ikicinslidir, aktinomorfdur, çox vaxt parlaq rənglidir, iri və ya orta ölçülü olub, tək-tək yerləşir və ya çiçək qrupuna yığılır. Çiçəkyanlığı ikiqatdır, beşüzvlüdür.
Kasa yarpaqları sərbəst və ya bitişik olub, çox vaxt yuxarı yarpaqlardan yaranan 3-9 sərbəst və ya bitişmiş kasa altlığı olur. Ləçəkləri 5 ədəd olub, sərbəst və ya qaidə hissəsindən bitişik boru əmələ gətitir, çox vaxt qönçə fazasında burulmuş vəziyyətdə olur.
Erkəkciklərin sayı çoxdur, bitişərək boru əmələ gətirir və ya budaqlanır. Erkəkciklərin bəziləri staminodilərə çevrilir.
Meyvəsi qutucuqdur, meyvələri birtoxumlu meyvəciklərə bölünür.
Yarpaqların və gövdələrin üzəri, adətən, ulduzvari çoxqatlı tükcüklərlə örtülüdür.
Azərbaycanda 9 cinsdə təmsil olunmuş 35-ə qədər növünə rast gəlinir.
Bu fəsilənin növləri həm lifli bitki kimi (kəndirotu (Abutilon)), texniki bitki (pambıq (Gossypium)), dərman bitkiləri (gülxətmi (Althaéa)) və dekorativ bitkilər (hibiskus (Hibiscus), əməkömənci (Malva)) becərilir.
Əməköməncikimilər fəsilənin ən mühüm cinslərindən olan pambıq (Gossypium) dünya sənayesində ən vacib bitkilərdən biridir. Azərbaycanda pambığın 4 növü lifli bitki kimi becərilir.
Tərəçiçəklilər fəsiləsi (Chenopodiaceae)
Fəsilənin nümayəndələri gövdə və kökündə ikincili yoğunlaşması olan birillik və çoxillik ot, nadir hallarda yarımkol, kol və ya kiçik ağaclardır. Yarpaqlar növbəli, az hallarda qarşı-qarşıya düzülmüş, sadə yarpaq altlıqsızdırlar.
Kserofit və halofit tərəçiçəkkimilər torpağın dərinliyinə gedən kök sisteminə və ya ehtiyat qida maddələri toplayan qalınlaşmış kök mənşəli orqanlara malikdirlər.
Bunlara yastıqşəkilli forma, mumla örtürülmüş, sallanmış, şirəli, silindrik, tikana çevrilmiş və ya reduksiya olunmuş yarpaqlar, sukkulent zoğlar xasdır.
Çiçəklər nadir hallarda tək-tək yerləşir, adətən süpürgəşəkilli və ya sünbül çiçək qrupuna toplanmışdır. Xırda, aktinomorf, ikicinsli, və ya bircinslidir. Çiçəkyanlığlı sadədir, 3-5 sərbəst və ya zəif birləşmiş yarpaqcıqdan ibarətdir.
Erkəkcikləri əsası ilə birləşib qısa borucuq əmələ gətirirlər.
Çox hallarda 2, bəzən 3-4 meyvə yarpaqları birləşib üst, biryuvalı yumurtalığa malik dişicik əmələ gətirir.
Meyvə birtoxumlu quru perikarpili, nadir hallarda şirəli, giləmeyvəşəkillidir.
Azərbaycanın quru iqlimli regionlarında 33 cinsinə və 110-a qədər növünə rast gəlinir.
Əsas nümayəndələri: ağımtıl tərə (Chenopodium album L.), bostan ispanağı (Spinacia oleracea L.), adi çuğundur (Beta vulgaris L.), gəngiz (Salsola nodulosa (Moq.)İljin.), şahsevdi şorangəsi (Salsola ericoides).
